Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 6 июля 2025 г.
  4. Научная статья № 70
Просмотры  92 просмотра

XIX – XX ƏSR AZƏRBAYCAN MİLLİ QADIN KƏMƏRLƏRİNİN DİZAYN TƏRTİBATI (İDEYA VƏ ONUN BƏDİİ İFASI)

Аннотация: Tədqiqatın aktuallığı: Azərbaycanın milli geyim mədəniyyəti xalqın estetik dünyagörüşünün və mədəni kimliyinin daşıyıcısıdır. Bu sistemin mühüm tərkib hissəsi olan qadın kəmərləri yalnız funksional aksesuar kimi deyil, həm də simvolik və bədii ifadə vasitəsi kimi dəyərləndirilir. XIX–XX əsr qadın kəmərlərinin dizayn baxımından araşdırılması onların estetik tutumunu, sosial və mədəni məna qatlarını üzə çıxarmaq baxımından aktuallıq kəsb edir.

Ключевые слова: Azərbaycan milli ənənəvi qadın bəzəkləri, qadın kəməri, dizayn tərtibatı, zərgərlik, tətbiqi sənət.

https://doi.org/10.24412/2712-8849-2025-788-614-625

УДК 8

Qurbanlı A.Ş.

Azərbaycan Dövlət İqtisad Universiteti

(Bakı, Azərbaycan)

 

XIX – XX ƏSR AZƏRBAYCAN MİLLİ QADIN KƏMƏRLƏRİNİN 

DİZAYN TƏRTİBATI (İDEYA VƏ ONUN BƏDİİ İFASI)

 

Аннотация :

Tədqiqatın aktuallığı: Azərbaycanın milli geyim mədəniyyəti xalqın estetik dünyagörüşünün və mədəni kimliyinin daşıyıcısıdır. Bu sistemin mühüm tərkib hissəsi olan qadın kəmərləri yalnız funksional aksesuar kimi deyil, həm də simvolik və bədii ifadə vasitəsi kimi dəyərləndirilir. XIX–XX əsr qadın kəmərlərinin dizayn baxımından araşdırılması onların estetik tutumunu, sosial və mədəni məna qatlarını üzə çıxarmaq baxımından aktuallıq kəsb edir.

Tədqiqatın məqsədi: XIX–XX əsrlərə aid Azərbaycan milli qadın kəmərlərinin dizayn xüsusiyyətlərini, forma və ornamentikasını, bədii simvolikasını və funksional əhəmiyyətini araşdırmaq, bu kəmərlərin müasir dizayn və milli dəyərlər sistemindəki yerini müəyyənləşdirmək.

İstifadə olunmuş tədqiqat metodları: Sənətşünaslıq və dizayn təhlili, müqayisəli vizual analiz, etnoqrafik yanaşma, muzey eksponatlarının tədqiqi, mütəxəssislərlə müsahibə və sistemləşdirilmiş biblioqrafik araşdırma.

Tədqiqatın informasiya bazası: Tədqiqat zamanı Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılan qadın kəmərləri, muzeyin etnoqrafı Afət Rüstəmbəyovanın təqdim etdiyi arxiv materialları və fotoşəkillər, eləcə də milli geyim və tətbiqi sənətə dair elmi mənbələrdən istifadə olunmuşdur.

Tədqiqatın məhdudiyyətləri: Tədqiqat yalnız XIX–XX əsrlərə aid Azərbaycan qadın kəmərləri ilə məhdudlaşır. Muzey eksponatlarının bəzilərinin texniki təsvirlərinin çatışmazlığı və bəzi bölgələrin vizual materiallarla zəif təmsil olunması, bu mövzu haqqında internet resurslarının məhdud olması araşdırmanın əsas məhdudiyyətləridir.

Tədqiqatın elmi yeniliyi və praktiki nəticələri: Dissertasiyada qadın kəmərləri ilk dəfə olaraq dizayn tərtibatı baxımından təhlil edilmiş, ornamentika və forma xüsusiyyətləri sistemli şəkildə təsnif olunmuşdur. Muzey materiallarının vizual analizi əsasında bədii nəticələr çıxarılmış, dizayn və milli kimlik əlaqəsi göstərilmişdir. Tədqiqat nəticələri tətbiqi sənət, geyim dizaynı və milli irsin qorunması sahələrində istifadə oluna bilər.

Nəticələrin istifadə oluna biləcəyi sahələr: Eyni zamanda təhsil və muzey ekspozisiyaları üçün elmi mənbə ola bilər. Müasir dizaynerlər üçün ilham mənbəyi rolunu oynaya bilər.

 

Ключевые слова : Azərbaycan milli ənənəvi qadın bəzəkləri, qadın kəməri, dizayn tərtibatı, zərgərlik, tətbiqi sənət.

 

Mövzunun aktuallığı: Azərbaycanın milli geyim mədəniyyəti xalqın tarixi, dünyagörüşü və estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. Bu geyim sistemində qadın kəmərləri yalnız funksional deyil, həm də simvolik və bədii ifadə vasitəsi kimi çıxış etmişdir. XIX–XX əsrlərə aid qadın kəmərlərinin dizayn baxımından araşdırılması onların mədəni, estetik və sosial məna qatlarını ortaya çıxarmaq baxımından bu gün də aktuallıq kəsb edir. Bu tədqiqat milli irsin qorunması və müasir dizayn praktikaları ilə əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Problemin qoyuluşu və öyrənilmə səviyyəsi: Azərbaycan qadın geyimləri və zinət əşyaları barədə müxtəlif etnoqrafik və sənətşünaslıq tədqiqatlar mövcuddur. Lakin qadın kəmərlərinin məhz dizayn tərtibatı baxımından kompleks şəkildə təhlilinə elmi ədəbiyyatda geniş yer verilməmişdir. Bu, mövcud sahədə tədqiqat boşluğu yaradaraq mövzunun yeni yanaşmalarla işlənməsini zəruri edir.

Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqatın məqsədi XIX–XX əsrlərdə Azərbaycan qadın kəmərlərinin dizayn xüsusiyyətlərini, forma və ornamentikasını, bədii simvolikasını və funksional rolunu araşdırmaqdır. Bu məqsədə çatmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulur:

Milli qadın kəmərlərinin inkişaf tarixini və geyim sistemindəki yerini öyrənmək,

Kəmərlərin forma, material və bəzək üslublarını təhlil etmək,

Ornamentika və simvolik motivlərin məna qatlarını araşdırmaq,

Muzey eksponatları əsasında dizayn təhlili aparmaq,

Kəmərlərin müasir dizaynda istifadəsi imkanlarını qiymətləndirmək.

  

Tədqiqatın obyekti və predmeti: Tədqiqatın əsasını XIX–XX əsrlərə aid Azərbaycan qadınlarına məxsus milli kəmərlər təşkil edir. Bu kəmərlər yalnız geyimin funksional elementi kimi deyil, eyni zamanda qadının sosial statusunu, estetik dünyagörüşünü və mənəvi-mədəni kimliyini ifadə edən zəngin simvolik daşıyıcılar kimi qiymətləndirilmişdir. Araşdırma çərçivəsində bu kəmərlərin dizayn strukturu, forma xüsusiyyətləri, bədii tərtibatı, istifadə olunan ornamentika və həmin ornamentlərin simvolik mənaları əhatəli şəkildə təhlil olunmuşdur. Tədqiqatda əsas diqqət bu kəmərlərin həm texniki, həm də estetik baxımdan necə qurulduğuna, onların regional fərqliliklərinə, eləcə də sənətkarlıq texnikalarının tarixi inkişafına yönəldilmişdir. Beləliklə, tədqiqat mövzusu yalnız maddi mədəniyyət nümunəsi kimi kəmərlərin incələnməsini deyil, həm də onların milli dizayn irsi kontekstində mənəvi və simvolik qatlarının üzə çıxarılmasını hədəfləyir.

Tədqiqat metodları: Tədqiqatda sənətşünaslıq və dizayn təhlili, müqayisəli vizual analiz, etnoqrafik yanaşma, muzey materiallarının incələnməsi, mütəxəssislərlə müsahibə və biblioqrafik araşdırma metodlarından istifadə olunmuşdur.

Tədqiqatın informasiya bazası: Tədqiqatın əsas mənbəyini Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı qadın kəmərləri, muzeyin etnoqrafı Afət Rüstəmbəyovanın təqdim etdiyi arxiv fotoşəkillər və qeydlər, eləcə də milli geyim və tətbiqi sənətə dair elmi ədəbiyyat təşkil edir.

Tədqiqatın məhdudiyyətləri: Tədqiqat yalnız XIX–XX əsrləri əhatə edir və əsasən Azərbaycan ərazisində hazırlanmış qadın kəmərlərinə yönəlib. Muzey eksponatlarının bəzilərinin texniki məlumatlarının məhdudluğu və bəzi bölgələrin zəif təmsil olunması əsas məhdudiyyətlərdəndir.

Tədqiqatın elmi yeniliyi: İlk dəfə olaraq qadın kəmərlərinə dizayn aspektindən yanaşma təqdim olunur. Kəmərlərin forma və ornament strukturu təhlil olunur, muzey materialları əsasında onların bədii və mədəni əhəmiyyəti dizayn nəzəriyyəsi kontekstində qiymətləndirilir.

  

Nəticələrin praktiki əhəmiyyəti və tətbiq sahələri: Tədqiqat nəticələri milli geyimlərin rekonstruksiyası, tətbiqi sənət, moda dizaynı və mədəni irsin qorunması sahələrində istifadə oluna bilər. Eyni zamanda təhsil prosesində və muzey ekspozisiyalarında elmi mənbə kimi tətbiq edilə bilər.

Azərbaycanın zərgərlik mədəniyyətinin inkişaf səviyyəsinin öyrənilməsində Manna incəsənəti nümunələri mühüm mərhələ təşkil edir. Urmiya gölünün cənub-şərqində yerləşən Ziviyədən tapılan və er. əv. VIII-VII əsrlərə aid edilən «Ziviyə dəfinəsi» nin tərkibindəki şir başları ilə bəzənmiş qızıl bilərzik,təsvirli qızıl kəmər, qızıl sinəbənd və s. bu dövrdə bəzək elementlərindən geniş istifadə edilməsini təsdiqləyir. (Rzayev, N. Möcüzəli qərinələr səh. 46-53, Əcdadların izi ilə, səh. 63-64)

Azərbaycan qadın geyim mədəniyyəti xalqın həyat tərzi, dini inancları, etnik kimliyi və estetik dünyagörüşü ilə birbaşa bağlı olaraq formalaşmışdır. Bu geyim sisteminin ayrılmaz hissəsi olan kəmərlər XIX–XX əsrlərdə qadınların geyimində əsas yer tutaraq həm funksional, həm də simvolik xarakter daşıyırdı.

Azərbaycan geyim mədəniyyətində qadın kəmərləri həm tarixi, həm də funksional baxımdan mühüm yer tutur. Arxeoloji və etnoqrafik mənbələr göstərir ki, kəmərlər insanın geyimlə əlaqəli estetik və praktik ehtiyaclarını qarşılamaq üçün qədim dövrlərdən istifadə olunmuşdur. MATM fondlarında saxlanılan müxtəlif qızıl, gümüş və mis kəmərlər bu mədəni ənənənin zənginliyini və davamlılığını sübut edir. Əvvəllər düymə sistemləri yayılmadan öncə, geyimlərin bədəndə sabit qalmasını təmin etmək üçün kəmərlər mühüm vəzifə daşıyırdı. İlk dövrlərdə dəridən hazırlanmış sadə formalar daha çox praktik məqsəd daşısa da, zamanla metal və parça materiallardan istifadə edilməyə başlanmış və bu da kəmərlərin həm texniki, həm də estetik baxımdan təkmilləşməsinə gətirib çıxarmışdır.

Tunc dövründən etibarən metal kəmərlər yalnız geyim elementi deyil, həm də müdafiə vasitəsi kimi istifadə olunurdu – onlar zirehin tərkib hissəsi kimi bədəni qoruyur, xəncər və qılınc kimi silahların daşınmasına imkan verirdi.

  

Lakin sonralar kəmərlər gündəlik və mərasim geyimlərinin ayrılmaz hissəsinə çevrilmiş, xüsusilə qadın geyimlərində vacib rol oynamışdır. Gəlin cehizində gümüş kəmərin yer alması bir sıra bölgələrdə sosial zərurətə çevrilmişdi – bu zinət əşyası olmadan evlənmək qəbul olunmurdu. İmkanları məhdud olan ailələr isə gümüşün əvəzinə misdən hazırlanmış, lakin forma və texnika baxımından bənzər olan kəmərlər əldə edirdilər. Qadın kəmərləri yalnız zinət vasitəsi deyil, eyni zamanda geyimi düzgün formada saxlamaq, bədəni qorumaq kimi funksiyaları da yerinə yetirirdi.

 

Şəkil 1. “Aypara Toqqa”. Şəbəkə

 

Şəkil 2 . “Minalı kəmər”. Gümüş.

 

XIX əsrdə qadın kəmərləri əsasən yerli ustalar tərəfindən hazırlanırdı. Zərgərlik sənəti bu dövrdə inkişaf etmiş və Bakı, Gəncə, Şəki, Naxçıvan, Qarabağ kimi sənətkarlıq mərkəzlərində bir çox dəyərli nümunələr yaradılmışdı. Gümüşdən hazırlanan bu kəmərlərdə şəbəkə (filiqran), mina, döymə, daşqoyma kimi üsullardan istifadə olunurdu. Ticarət yollarının inkişafı ilə bölgələr arasında sənətkarlıq üslubları bir-birinə təsir edərək formaca və naxış baxımından zəngin çeşidlilik yaratmışdı.

Eyni zamanda Azərbaycan zərgərlik sənətinin kökləri qədim dövrlərə gedib çıxır. Arxeoloji tapıntılar göstərir ki, bu ərazidə metallurgiya və metal məmulatı istehsalı e.ə. IV minillikdən bəri mövcuddur. Qafqazda məlum olan 400-dən çox filiz yatağından 300-ü Kiçik Qafqaz bölgəsində – yəni Azərbaycanda yerləşir. Bu fakt Azərbaycanın qədimdən metal istehsalı və zərgərlik sənəti ilə məşğul olduğunu sübut edir. Belə zəngin təbii resurslar nəticəsində qadın kəmərləri də yüksək texniki və bədii səviyyədə hazırlanırdı.

Milli geyimlərin bütöv şəkildə tamamlanmasında bəzək və zinət əşyalarının mühüm rolu olmuşdur. Müxtəlif növ zinət əşyaları geyim elementlərinin estetik dəyərini artıraraq onların milli xüsusiyyətlərini daha da zənginləşdirmişdir. Qadınlara aid bu bəzək nümunələrinin bolluğu, onların çeşidliliyi və istehsal ənənələri haqqında məlumatlara həm klassik mənbələrdə, həm də xalq yaradıcılığında rast gəlinir. Onların funksional rolu geyimin bel hissəsini sabit saxlamaq, çoxqatlı və geniş parçaların formasını qorumaq idi. Cavadzadə (2015, s. 22) qeyd edir ki, Azərbaycan antik dövr geyimləri daha bəzəkli olub, müxtəlif rəngli və çeşidli parçalardan tikilirmiş. Çiyin geyimi iki formada olduğu müəyyən edilmişdir: düz biçimli, qısa qollu olub, uzunluğu bir tərəfdən baldırın yarısına, o biri tərəfdən isə dizə qədər olurdu. Bu geyimin belinə bir neçə sıra kəmər bağlanırdı. Bu praktiki və estetik vəzifə, xüsusilə arxalıq, tuman və çəpkən kimi milli geyimlərdə vacib idi.

 

Şəkil 6. Toqqa. Gümüş. (Döymə). Parça kəmər

 

Zinət əşyaları yalnız estetik məqsəd daşımamış, eyni zamanda insanların dünyagörüşü, inanc və düşüncə tərzi ilə sıx bağlı olmuşdur. Belə ki, kəmər bəzi hallarda qoruyucu vasitə kimi – məsələn, bəd nəzər və pis ruhlardan qorunmaq üçün – istifadə edilirdi. Bu baxımdan “kəmərlənmək” ifadəsi yalnız geyim elementi deyil, həm də bir növ mənəvi müdafiə simvolu kimi qəbul edilirdi. Müxtəlif xalqların mifoloji və folklor mənbələrində “özünü dairəyə almaq” ifadəsinin tez-tez işlədilməsi bu funksiyanın qədimdən bəri mövcud olduğunu göstərir. Azərbaycan folklorunda da göyqurşağı “qarı nənənin qurşağı” və ya “örkəni” kimi adlandırılır. Tarixi mənbələrdə “quşaq” formasında işlədilən bu söz, ilkin mərhələdə bağlama funksiyası daşısa da, zamanla estetik məna da qazanmışdır.

Kəmər anlayışına aid müxtəlif ifadələr xalq dilində geniş yer almışdır. Məsələn, “arqurun qurşağı”, “kəmərini qurşamaq” kimi deyimlər kəmərin həm məişətdə, həm də mifik anlayışlarda tutduğu yeri göstərir. Daha sonrakı dövrlərdə isə kəmər əsasən qadın geyiminin estetik tamamlayıcısı kimi önəm kəsb etmişdir. Bundan başqa, xalq arasında belə bir inanc da vardı ki, metal kəmərlər pis nəzərdən və mənfi enerjidən qoruyur. Bu səbəbdən bəzi qadınlar kəməri təkcə bəzək üçün deyil, eyni zamanda qoruyucu bir vasitə kimi də qəbul edirdilər. Beləliklə, kəmər həm fiziki, həm də mənəvi baxımdan qoruyucu element rolunu oynayırdı.

 

Şəkil 8. “Sallama-bənd”. Qızıl. Qübbəli.

 

Kəmərlər həmçinin ailənin iqtisadi vəziyyəti və qadının estetik düşüncə tərzinin vizual ifadəsi idi. Onların üzərindəki naxışların simmetriyası, işləmə texnikası və materialların keyfiyyəti kəmərin dəyərini və sahibinin cəmiyyət içindəki mövqeyini göstərirdi.

Azərbaycan xalqının ənənəvi qadın bəzəkləri arasında gümüşdən hazırlanmış kəmərlər xüsusilə geniş yayılmışdı. Bu, yalnız MATM XF deyil, həm də ölkənin digər aparıcı muzeylərinin kolleksiyalarında bu tip kəmərlərin üstünlük təşkil etməsi ilə də sübut olunur. Əgər qızıl kəmərlər əsasən varlı və yüksək təbəqəyə mənsub qadınların istifadə etdiyi nadir bəzəklər arasında yer alırdısa, gümüş kəmərlər daha əlçatan olduğundan orta təbəqədən olan qadınlar arasında geniş yayılmışdı.

  

Şəkil 13. “Sallama kəmər”. Qızıl. Qübbəli, Şəbəkə (Rəngli şüşə).

 

Xüsusilə “sallama” (və ya “ətəkli”) adlanan kəmərlər Qarabağda daha geniş istifadə olunurdu və bu formalar bölgənin milli geyim mədəniyyətində həm funksional, həm də estetik baxımdan xüsusi yer tuturdu. Adətən 10–12 sm enində olan dəridən hazırlanmış qayış hissəsinin üzərinə üç cərgədə 20 qəpiklik gümüş pullar bərkidilirdi. Kəmərin toqqa hissəsi iki ayrılıqlı metal elementdən ibarət olurdu və bu hissələr qarmaq və halqa sistemi ilə bir-birinə birləşdirilirdi. Maraqlıdır ki, qarmaq olan hissənin mərkəzində tez-tez mavi yaqut və ya oxşar bəzək daşları yerləşdirilirdi ki, bu da zinət əşyasına əlavə vizual və simvolik dəyər qatırdı.

 

 Şəkil 14. “Sallama kəmər”. Gümüş. Oyma (XIX əsr).

  

Bənzər növ kəmərlərə Naxçıvanda “göbəkli kəmər” adı verilirdi. “Sallama” adının mənşəyi isə kəmərin aşağı hissəsinə zəncirlərlə bərkidilən və aypara formasında düzülmüş gümüş pullarla bağlıdır. Bu elementlər qadın hərəkət etdikcə bir-birinə toxunaraq incə metalik səslər çıxarırdı və bu da həm eşidilən, həm də görünən estetik effekti artırırdı. Bu xüsusiyyət kəmərlərin təkcə bəzək deyil, həm də ritmik-səslə müşayiət olunan performativ element kimi çıxış etməsinə səbəb olmuşdur – xüsusilə xalq rəqsləri və mərasimlər zamanı.

Bəzək üslublarına gəldikdə, Azərbaycan qadın kəmərlərində həm sadə həndəsi naxışlardan, həm də mürəkkəb bitki və heyvan motivlərindən istifadə olunurdu. Zəngin ornamentli kəmərlərdə təkcə dekorativlik deyil, həm də simvolik məna daşıyan detallar yer alırdı. Bu bəzəklər təkcə estetik gözəllik üçün deyil, həm də sahibinin dünya görüşü və mədəni mənsubiyyətini ifadə edirdi.

Kəmərlərin forma və üslub baxımından digər vacib xüsusiyyəti onların qadın bədən quruluşuna uyğun şəkildə hazırlanması idi. Beləliklə, hər bir kəmər həm zərgərlik əşyası, həm də fərdi geyim elementi kimi qəbul edilirdi.

 

СПИСОК ЛИТЕРАТУРЫ:

 

  1. Abdulova, G. (2023), Minilliklərin yaddaşı - zərgərlik sənəti: tarixi-etnoqrafik tədqiqat: monoqrafiya, Bakı, “Aspoliqraf ”, 136 səh.
  2. Abdulova, G. (2016), Azərbaycan qadın geyim bəzəkləri, Bakı. “Mütərcim”, 100 səh.,
  3. Aslanov, E. (2009) Azərbaycan toyu, Bakı
  4. Bünyadov, T. (2007), Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild, Bakı, "Şərq-Qərb", 544 səh.
  5. Bünyadov, T. (2007), Azərbaycan etnoqrafiyası.Üç cilddə. II cild, Bakı, “Şərq-Qərb”, 384 səh.
  6. Cavadzadə, G. (2015), Azərbaycan milli geyimlərinin kompozisiya xüsusiyyətlərinin tədqiqi (Magistr dissertasiyası, Azərbaycan Dövlət İqtisad Universiteti). https://unec.edu.az/application/uploads/2015/05/Cavadzad_-Gunay-869M.pdf
  7. Əfəndiyev, R. (1966), Azərbaycanın bədii sənətkarlığı (metal məmulatı və zərgərlik), Bakı. “Azərnəşr” , 65 səh.
  8. Əliyeva, A. (2014). Azərbaycan xalq bəzəkləri və onların semantikası, Bakı. “Şərq-Qərb”
  9. Əsədova, S. (1978), XIX-XX əsrlərdə Azərbaycan zərgərlik incəsənəti, Bakı. “Elm”, 96 səh.
  10. Əzizbəyova, P. Zərgərlik. Azərbaycan maddi mədəniyyət abidələri, Bakı. “Milli Tarix Muzeyi”
  11. Hadıyeva, K. (2009), XIX-XX əsrin əvvəllərində Azərbaycanda ənənəvi qadın bəzəkləri, Bakı. “Xəzər Universiteti Nəşriyyatı”, 172 səh.
  12. Hüseynova, Z. (2010). Azərbaycan qadınının bəzək mədəniyyəti, Bakı. “Nurlan”
  13. Quliyeva, N. (2005) Azərbaycanda müasir kənd ailəsi və ailə məişəti, Bakı. “Elm”
  14. Nizami Gəncəvi. (1981). Xosrov və Şirin, Bakı. “Elm”
  15. Rzayev, N. (1984). Möcüzəli qərinələr, Bakı. “Azərbaycan Dövlət Nəşriyyatı”, 46-53 səh.
  16. Rzayev, N. (1992) Əcdadların izi ilə, Bakı. “Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi”, 63-64 səh.
  17. Sadıxova, S. (01/02/2010). Azərbaycan zərgərlik sənəti, Bakı. “Mədəni Maarif ”, 66-70 səh.
  18. Vəliyev, F., Abdulova G. (2016), Qarabağ geyimləri, Bakı. “Mütərcim”, 352 səh.
  19. Vəliyev, F. (2010), XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti, Bakı. "Şərq-Qərb", 149-150 səh.

Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 7 (88) том 1


Ссылка для цитирования:

Qurbanlı A.Ş. XIX – XX ƏSR AZƏRBAYCAN MİLLİ QADIN KƏMƏRLƏRİNİN DİZAYN TƏRTİBATI (İDEYA VƏ ONUN BƏDİİ İFASI) // Журнал «Вестник науки» от 6 июля 2025 г. № 7 (88) том 1. С. 614 - 625. 2025 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/25066 (дата обращения: 29.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/25066



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2025.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.