Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 15 марта 2026 г.
  4. Научная статья № 65
Просмотры  24 просмотра

GÜC TRANSFORMATORLARININ REAL VAXT REJİMİNDƏ MONİTORİNQ SİSTEMLƏRİNİN TƏTBİQİ

Abstract: güc transformatorları elektrik enerjisinin generasiya mənbələrindən istehlakçılara ötürülməsi zamanı gərginlik səviyyəsinin dəyişdirilməsini təmin edir, enerji ötürmə prosesinin səmərəliliyini artırır və elektrik şəbəkəsinin dayanıqlığının qorunmasında mühüm rol oynayır. Müasir enerji sistemlərində transformatorların köhnəlməsi, yük qrafiklərinin dəyişkənliyi, bərpa olunan enerji mənbələrinin tətbiqi və qısaqapanma səviyyələrinin yüksəlməsi kimi amillər transformatorların istismar risklərini əhəmiyyətli dərəcədə artırır.Ənənəvi texniki xidmət üsulları transformatorun texniki vəziyyətini yalnız müəyyən zaman intervallarında qiymətləndirməyə imkan verir və nasazlıqların erkən mərhələdə aşkar olunmasını hər zaman təmin etmir. Bu səbəbdən son illərdə real vaxt rejimində (real vaxt rejimi) monitorinq sistemlərinin tətbiqi transformatorların etibarlı və təhlükəsiz istismarı baxımından mühüm əhəmiyyət kəsb edir. Real vaxt monitorinq sistemləri transformatorun müxtəlif funksional elementlərinin vəziyyətini fasiləsiz izləməyə imkan verir. Bu sistemlər vasitəsilə temperatur rejimi, izolyasiya yağının vəziyyəti, həll olunmuş qazların tərkibi, rütubət səviyyəsi, keçid izolyatorlarının (bushing) vəziyyəti, qismən boşalmalar (PD), soyutma sisteminin fəaliyyəti və yük altında gərginlik tənzimləyicisinin (OLTC) iş parametrləri kimi mühüm göstəricilər real vaxt rejimində nəzarətdə saxlanılır. Bu məlumatların operativ analizi nasazlıqların erkən mərhələdə aşkar edilməsinə, proqnozlaşdırıcı texniki xidmət strategiyalarının tətbiqinə və transformatorların riskə əsaslanan idarə edilməsinə şərait yaradır.

Keywords: güc transformatoru, real vaxt monitorinqi, vəziyyətə əsaslanan texniki xidmət, həll olunmuş qazların analizi.

https://doi.org/10.24412/2712-8849-2026-396-632-639

Giriş. Güc transformatorları elektrik enerji sisteminin ən mühüm və qiymətli avadanlıqlarından biridir. Bu qurğuların sıradan çıxması yalnız iri həcmli enerji təchizatının pozulmasına deyil, eyni zamanda yanğın, partlayış və digər təhlükələrin yaranmasına səbəb ola bilər. Bundan əlavə, güc transformatorlarının istehsalı, sifarişi və istismara verilməsi uzun zaman tələb etdiyindən onların planlaşdırılmamış dayanması müəssisələr üçün ciddi iqtisadi və texniki nəticələr yaradır. Beynəlxalq təcrübə və etibarlılıq üzrə aparılmış genişmiqyaslı tədqiqatlar göstərir ki, güc transformatorlarında böyük nasazlıqların başvermə ehtimalı nisbətən aşağı olsa da, onların nəticələri olduqca ağır olur. Məsələn, CIGRE tərəfindən aparılmış tədqiqatlarda yüz minlərlə «unit-year» müşahidə məlumatları əsasında böyük nasazlıqların illik tezliyinin təxminən 0,3% səviyyəsində olduğu qeyd edilir. İlk baxışdan bu göstərici aşağı görünə bilər, lakin transformatorları böyük olan enerji şirkətləri üçün bu, hər il bir və ya bir neçə kritik nasazlıq hadisəsinin baş vermə ehtimalı deməkdir. Bu səbəbdən nasazlıqların erkən mərhələdə aşkarlanması xüsusi əhəmiyyət kəsb edir [1-3]. Ənənəvi yanaşmada transformatorların texniki vəziyyətinin qiymətləndirilməsi dövri laborator analizlər və periodik elektrik sınaqları vasitəsilə həyata keçirilir. Yağ nümunələrinin götürülərək həll olunmuş qazların analizi (DGA), izolyasiya müqavimətinin ölçülməsi, güc amilinin və dielektrik itkilərin təyini kimi üsullar texniki diaqnostika baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu yanaşmanın əsas məhdudiyyəti ondan ibarətdir ki, transformatorun vəziyyəti yalnız müəyyən zaman intervallarında qiymətləndirilir. Əgər nasazlıq iki ölçmə dövrü arasında inkişaf edərsə, operator problemi yalnız artıq təhlükəli və ya kritik mərhələyə çatdıqdan sonra aşkar edə bilər. Məhz bu səbəbdən real vaxt rejimində monitorinq sistemlərinin tətbiqi müasir enerji təsərrüfatında mühüm istiqamətlərdən birinə çevrilmişdir. Bu sistemlər transformatorun iş rejimini fasiləsiz izləməyə, vəziyyət dəyişikliklərini erkən mərhələdə müəyyən etməyə və texniki qərarların operativ şəkildə qəbuluna imkan verir. CIGRE tərəfindən irəli sürülən Transformer Intelligent Condition Monitoring (TICM) konsepsiyası da göstərir ki, monitorinqin məqsədi sadəcə məlumat toplamaq deyil, əldə olunan xam ölçmələri emal edərək onları praktik və idarəedici qərarlara çevirməkdən ibarətdir. Bu baxımdan real vaxt monitorinqi transformatorların istismarında təhlükəsizliyin, etibarlılığın və iqtisadi səmərəliliyin artırılması üçün strateji alət kimi qiymətləndirilə bilər. Nasazlıq mexanizmləri və monitorinqin məqsədi. Güc transformatorlarında real vaxt monitorinq sisteminin layihələndirilməsi zamanı əsas yanaşma «hansı parametrlərin ölçülməsi» sualından daha çox «hansı risklərin idarə olunması» prinsipi üzərində qurulmalıdır. Monitorinq sistemi təsadüfi və ya ümumi göstəricilərin toplanmasına deyil, transformatorun istismar etibarlılığına birbaşa təsir göstərən nasazlıq mexanizmlərinin izlənilməsinə yönəldilməlidir. Transformatorlarda müşahidə olunan əsas nasazlıq mexanizmlərindən biri termal yaşlanmadır. Yüklənmə səviyyəsinin artması və ətraf mühit temperaturunun yüksəlməsi nəticəsində sarğıların sellüloz əsaslı izolyasiyası yüksək istilik təsirinə məruz qalır. Bu isə izolyasiya materialının molekulyar strukturunun zəifləməsinə, mexaniki möhkəmliyinin azalmasına və nəticə etibarilə transformatorun istismar müddətinin qısalmasına səbəb olur. Uzunmüddətli perspektivdə termal yaşlanma transformatorun ən mühüm resurs itkisi amillərindən biri hesab edilir [4-6]. Digər mühüm nasazlıq qrupu izolyasiya sisteminin nəmlənməsi və transformator yağının yaşlanması ilə bağlıdır. Rütubət həm yağın, həm də kağız izolyasiyanın dielektrik xüsusiyyətlərini pisləşdirir, elektrik möhkəmliyini azaldır və sellüloz materialın deqradasiyasını sürətləndirir. Yüksək temperatur şəraitində rütubətin artması eyni zamanda qaz qabarcıqlarının yaranmasına və izolyasiya boşluqlarında elektrik deşilməsi riskinin yüksəlməsinə səbəb ola bilər. Buna görə rütubət səviyyəsinin və yağın vəziyyətinin monitorinqi transformatorun ümumi diaqnostikasında əsas istiqamətlərdən biri hesab olunur. Transformatorun daxili elektrik defektləri də xüsusi təhlükə mənbəyi hesab olunur. Bu nasazlıqlara qismən boşalmalar, qığılcım yaranması daxildir. Bu izolyasiya sistemində lokal zədələnmələr yaradır, yağın kimyəvi tərkibində dəyişikliklərə və xarakterik qazların əmələ gəlməsinə səbəb olur. Nəticədə həm daxili izolyasiya sistemi zədələnir, həm də bu proseslər sonradan daha ağır qəza halları ilə nəticələnə bilər. Məhz buna görə həll olunmuş qazların analizi və qismən boşalma siqnallarının izlənməsi real vaxt monitorinqində mühüm yer tutur. Transformatorun digər əhəmiyyətli elementlərindən biri keçid izolyatorlarıdır. Bu elementlərin nasazlığı əksər hallarda transformatorun ciddi zədələnməsi ilə nəticələnir və bəzən bütün qurğunun sıradan çıxmasına səbəb olur. Belə nasazlıqları əsasən izolyasiya zəifləməsi, dielektrik itkilərin artması və daxili struktur deformasiyaları ilə bağlı olur. Buna görə bu komponentlərin fasiləsiz nəzarətdə saxlanılması ümumi etibarlılığın təmini baxımından xüsusi əhəmiyyət daşıyır.Bununla yanaşı, yük altında gərginlik tənzimləyicisinin (OLTC) mexaniki və elektrik aşınmaları da transformator nasazlıqlarının əsas səbəbləri sırasında yer alır. Kontaktların aşınması, keçid müddətinin uzanması, elektrik mühərrikinin normaldan artıq yüklənməsi və vibrasiya xarakteristikasında dəyişikliklər OLTC sistemində problem yarandığını göstərə bilər. Nasazlıqların vaxtında aşkarlanması gərginliyin tənzimlənməsində yaranan pozuntuların qarşısını almaqla yanaşı transformatorun ümumi iş rejiminin sabitliyini də qoruyur [5,9]. Soyutma sisteminin nasazlıqları transformatorun istismar etibarlılığına birbaşa təsir göstərir. Nasosların sıradan çıxması, radiatorların çirklənməsi, tıxanması nəticəsində istilik rejimi pozulur, transformatorun aktiv hissələrində temperatur yüksəlir və bu termal yaşlanma prosesini sürətləndirir. Soyutma sisteminə nəzarət etmədən transformatorun real vəziyyətini tam qiymətləndirmək mümkün deyil. Monitorinq olunan əsas parametrlər və ölçmə texnologiyaları. Transformatorların real vaxt rejimində monitorinqi müxtəlif fiziki və elektrik parametrlərinin fasiləsiz ölçülməsinə əsaslanır. Bu parametrlər transformatorun istilik rejimini, izolyasiya sisteminin vəziyyətini, elektrik proseslərini və mexaniki komponentlərin işini xarakterizə edir. Termal rejim və yüklənmə. Transformatorun istismar müddətinə ən çox təsir edən amillərdən biri onun termal rejimidir. Yüklənmənin artması və soyutma sisteminin qeyri-effektiv fəaliyyəti nəticəsində sarğıların temperaturu yüksəlir və izolyasiya materialının sürətlə yaşlanmasına səbəb olur. IEC 60076-7 standartında mineral yağlı transformatorların yüklənmə rejimlərinin qiymətləndirilməsi və temperatur təsirlərinin nəzərə alınması üzrə metodiki göstərişlər təqdim edilir. Bu standart transformatorun təhlükəsiz yüklənmə səviyyəsinin müəyyənləşdirilməsinə və termal yaşlanma prosesinin qiymətləndirilməsinə imkan verir [7,8]. Real vaxt monitorinq sistemlərində termal rejimin qiymətləndirilməsi üçün bir sıra ölçmə parametrlərindən istifadə olunur. Bunlara transformator yağının üst qatının temperaturu, sarğıların maksimal sarğı temperaturu, ətraf mühit temperaturu, yük cərəyanı və gərginlik kimi göstəricilər daxildir. Üst yağ temperaturu adətən RTD və ya PT100 tipli temperatur sensorları vasitəsilə ölçülür. Sarğıların maksimal temperatur nöqtəsi olan maksimal sarğı temperaturu isə ya hesablama modelləri vasitəsilə müəyyən edilir, ya da fiber-optik sensorlardan istifadə olunmaqla birbaşa ölçülür. Yağda həll olunmuş qazların analizi. Transformatorların daxili nasazlıqlarının diaqnostikasında ən geniş istifadə olunan metodlardan biri yağda həll olunmuş qazların analizidir (DGA). Elektrik və termal defektlər nəticəsində transformator yağında müxtəlif qazlar əmələ gəlir və bu qazların konsentrasiyası nasazlığın tipini müəyyən etməyə imkan verir. IEC 60599 standartında mineral yağla doldurulmuş elektrik avadanlıqlarında həll olunmuş qazların analizi və onların interpretasiyası üzrə metodiki göstərişlər verilmişdir. IEEE C57.104 standartı isə qazların konsentrasiyalarına əsasən nasazlıqların diaqnostikası üçün istifadə olunan metodları və prosedurları təsvir edir [10, 11]. Real vaxt rejimində DGA sistemləri adətən hidrogen (?₂), karbonmonoksid (??), karbon qazı (??₂), metan (??₄), asetilen (?₂?₂), etilen (?₂?₄) və etan (?₂?₆) kimi qazların konsentrasiyasını ölçür. Bəzi sistemlərdə oksigen və azot qazlarının da monitorinqi aparılır. Praktik tətbiqdə iki əsas yanaşma mövcuddur: yalnız hidrogen qazının monitorinqinə əsaslanan sadə yanaşma və bir neçə qazın eyni vaxtda monitorinqinə əsaslanan kompleks yanaşma. İzolyasiya yağının vəziyyətinin monitorinqi. Transformator yağı həm soyutma mühiti, həm də elektrik izolyasiya materialı kimi mühüm funksiyaya malikdir. Buna görə də onun fiziki və kimyəvi xüsusiyyətlərinin dəyişməsi transformatorun etibarlılığına birbaşa təsir göstərir. IEC 60422 standartında transformator yağının texniki vəziyyətinin nəzarəti və xidmət prosedurları üzrə metodiki göstərişlər verilmişdir [12]. Adətən yağın keyfiyyət göstəriciləri laborator analizlər vasitəsilə müəyyən edilir. Bununla belə bəzi müasir monitorinq sistemlərində yağın temperaturu, dielektrik xüsusiyyətləri və digər parametrlər haqqında əlavə məlumat verən real vaxt rejimi sensorlar da tətbiq edilir. Rütubət monitorinqi. Transformator izolyasiya sisteminin ən mühüm risk amillərindən biri rütubətdir. Sellüloz əsaslı kağız izolyasiya və transformator yağı birlikdə kompleks izolyasiya sistemi yaradır və bu sistemdə rütubətin artması dielektrik möhkəmliyin azalmasına, izolyasiya materialının sürətli köhnəlməsinə və elektrik deşilmə riskinin yüksəlməsinə səbəb olur. Keçid izolyatorlarının monitorinqi. Transformatorun yüksək gərginlikli çıxış elementləri olan keçid izolyatorları (bushing) nasazlıq baxımından ən riskli komponentlərdən hesab olunur. Ənənəvi diaqnostika üsullarında bushinglərin kapasitansı və dissipasiyası faktoru (tanδ) kimi parametrlər dövri şəkildə ölçülür. OLTC monitorinqi. Yük altında gərginlik tənzimləyicisi transformatorun gərginlik səviyyəsini dəyişdirən mühüm mexaniki-elektrik qurğudur. Bu sistemdə mexaniki kontaktların aşınması, keçid vaxtının dəyişməsi və elektrik mühərrikinin yüklənməsi kimi problemlər yarana bilər. OLTC monitorinqi zamanı tənzimləmə pilləsinin mövqeyi, motor cərəyanı, keçid əməliyyatlarının müddəti və vibrasiya göstəriciləri kimi parametrlər izlənilir. NƏTİCƏ. Aparılmış təhlil göstərir ki, güc transformatorlarında real vaxt rejimində monitorinq sistemlərinin tətbiqi enerji sistemlərində texniki etibarlılığın və istismar təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Transformatorun termal rejimi, yağda həll olunmuş qazların tərkibi, izolyasiya yağının vəziyyəti, rütubət səviyyəsi, keçid izolyatorlarının göstəriciləri və yük altında gərginlik tənzimləyicisinin parametrlərinin fasiləsiz izlənilməsi nasazlıqların erkən mərhələdə aşkarlanmasına imkan verir, qəfil sıradan çıxma riskini azaldır və texniki xidmətin daha səmərəli planlaşdırılmasına şərait yaradır. IEC 60076-7, IEC 60599, IEEE C57.104, IEC 60270 və IEC 60422 kimi beynəlxalq standartlar transformatorların diaqnostikası və monitorinqi üçün mühüm metodiki baza yaradır. Beləliklə, real vaxt monitorinq sistemləri transformatorların texniki vəziyyətinin daha dəqiq qiymətləndirilməsinə, istismar xərclərinin optimallaşdırılmasına və enerji təchizatının ümumi etibarlılığının artırılmasına xidmət edir.


Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 3 (96) том 3


Ссылка для цитирования:

Məmmədova G.V., Hətəmov H.A. GÜC TRANSFORMATORLARININ REAL VAXT REJİMİNDƏ MONİTORİNQ SİSTEMLƏRİNİN TƏTBİQİ // Журнал «Вестник науки» от 15 марта 2026 г. № 3 (96) том 3. С. 632 - 639. 2026 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/29335 (дата обращения: 29.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/29335



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2026.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.